GERIYƏ

Burdan bir atlı keçdi

Müəllif Mustafa Çəmənli
Nəşr olunduğu il 2002
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Gənclik
Nəşr yeri Bakı

Mustafa Çəmənli. Burdan bir atlı keçdi. Bakı, Gənclik, 2002.

Kitabdakı hər bölümdə konkret bir süjet şərh olunur. Tutaq ki, söhbət Məhəmməd Ağa Müçdəhitzadədən gedir. Müəllif bütün Qarabağın ən hörmətli aydınlarından olan Məhəmməd ağadan danışdığın zamanda İsa kişi məsələyə bir ağsaqqal kimi, bir böyük həyat bilgisi olan şəxs kimi öz yanaşmasını sərgiləyir, onun kimliyini elə sadə şəkildə söyləyir ki, dərhal Məhəmməd ağa oxucunun yaddaşına yazılır. Və yaxud Mirmöhsün Ağa Nəvvab və yaxud Xan qızı Natəvan, Həmidə xanım, eləcə də lap uzaq tariximizdən Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah, Ağa Məhəmməd şah Qacar və digərləri ilə bağlı çox lokonik bilgilər verilir. Həmin o bilgilərin mayasında da Qarabağı beş barmağı kimi tanıyan rəhmətlik İsa kişinin köklü deyimləri dayanır. O deyimlər ki, onların xalqın yaddaşından süzülüb zamanında gəlib çatmışdı. Doğrudu, Sovet ideologiyasına xidmət edənlər həmin o deyimlərin bir çoxunun istiqamətini dəyişib qol-qanadını qırmışdılar. Amma İsa kişi həmin o yaddaş saxlancında yaşayanları Mustafa Çəmənliylə söhbət eləmişdi. Mustafa müəllim də məhz xalqın yaddaşından qaynaqlanan bir əsər ortaya qoymuşdu. Bu kitabda bizim müasirlərimiz barəsində də kifayət qədər bilgilər var. Məsələn, çox sevdiyim, mənim nəzərimcə Azərbaycan poeziyasında bütöv şəxsiyyəti və son dərəcə mükəmməl yaradıcılığı ilə seçilən Şahmar Əkbərzadə barəsində bu kitabda oxuduqlarım və Şahmar itkisinə Mustafa Çəmənli yanğısını duymağım doğrudan-doğruya həm sevindirici, həm də kədərli oldu. Sevindim ki, Şahmar Əkbərzadə Mustafa müəllimin diqqətindən kənarda qalmayıb. Kədərləndim ki, Şahmar müəllimi çox tez itirdik...