Azərbaycan tarixindən yüz şəxsiyyət
Müəllif | Səbuhi Əhmədov |
---|---|
Nəşr olunduğu il | 2006 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Ayna Mətbu Evi |
Nəşr yeri | Bakı |
Səbuhi Əhmədov. Azərbaycan tarixindən yüz şəxsiyyət. Bakı, Ayna Mətbu Evi, 2006.
Toplunun məhdud həcmi bizə siyahıya adları salınmış bütün azərbaycanlılar barədə danışmaq imkanı vermədi. Bu səbəbdən də oxucunun diqqətinə təqdim edilən topluda 100 böyük azərbaycanlı haqqında məlumat vermək qərara alındı. Düzü, ümumi siyahıdan 100 nəfərin adını seçmək çox çətin bir məsələ idi. Odur ki biz müəyyən bir prinsiplə hərəkət etmək qərarına gəldik. Bu prinsip dörd mühüm şərtə əsaslanırdı. Birinci şərt. Bizə görə, 100 nəfər sırasında adı dillər əzbəri olan şəxsiyyətlərlə yanaşı, bu və ya digər səbəbdən adları kölgədə qalmış, fəaliyyətləri əsasən mütəxəssislərə məlum olan şəxsiyyətlər də nəzərdən qaçırılmamalıdır. İkinci şərt. Topluya yalnız ömrünü başa vurmuş, həyat yolu tamamlanmış şəxslərin adları salınmalıdır. Belə ki, yalnız haqq dünyasına qovuşmuş insanların həyat yolunu tam nəzərdən keçirmək, tarixin gedişində onların rolunu və yerini müəyyənləşdirmək mümkündür. Üçüncü şərt. Qeyd etdiyimiz kimi, məqsədimiz tarixi şəxsiyyətlərin həyat və yaradıcılığı prizmasından Azərbaycanın keçmişini göstərmək olmuşdur.