GERIYƏ

Bakı Beynəlxalq Humanitar Forumunun materialları (31 oktyabr – 1 noyabr 2013-cü il): I cild

Müəllif
Nəşr olunduğu il 2014
Elm sahəsi Elm və təhsil
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

. Bakı Beynəlxalq Humanitar Forumunun materialları (31 oktyabr – 1 noyabr 2013-cü il): I cild. Bakı, Şərq-Qərb, 2014.

Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram, bütün qonaqlara “Xoş gəlmisiniz” deyirəm. Bu gün Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. Bu, gözəl hadisədir. Ölkəmizin həyatında çox əlamətdar bir hadisədir. Qeyd etməliyəm ki, artıq bu Forum gözəl bir ənənəyə çevrilibdir. Xatırlayıram, keçən il ikinci Forumun açılışında çıxış edərkən demişdim ki, ümid edirəm üçüncü, dördüncü, beşinci Forum da keçiriləcəkdir və görürəm ki, artıq bu, reallıqdır. Bu, onu göstərir ki, beynəlxalq əməkdaşlıq məsələlərinə çox böyük diqqət göstərilir. Bu məsələlər daim diqqət mərkəzində olmalıdır. Çünki humanitar məsələlər, humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən amillərdir. Forumun işinə çox böyük maraq vardır. Yetmiş ölkədən 800-ə yaxın qonaq iştirak edir. Demək olar ki, dünya birliyinin böyük bir hissəsinin intellektual elitası bu gün bizim qonağımızdır. Azərbaycanda humanitar əməkdaşlığa bütün dövrlərdə böyük diqqət göstərilmişdir. Bu, daim diqqət mərkəzində olan bir məsələdir. Hesab edirəm ki, ölkəmizdə bu sahədə artıq gözəl təcrübə də toplanıbdır.