6 Nömrəli Palata
Müəllif | Antоn Pavloviç Çeхоv |
---|---|
Nəşr olunduğu il | 2000 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | |
Nəşr yeri |
Antоn Pavloviç Çeхоv. 6 Nömrəli Palata. , , 2000.
“6 №-li palata” Çexovun ən vahiməli, sarsıdıcı hekayələrindən biridir. Ağıllı, dərin fəlsəfi düşüncəsi olan bir ziyalının dəlixanaya necə düşməsini əks etdirən dəhşətamiz bir gerçəklikdir. Mürəkkəb xarakterlər, fəlsəfi dialoqlar, ağıllı insanın yalqızlığı bu hekayənin əsas motivləridir.
Xəstəxana həyətində ayıpəncəsi, gicitkən və çətənə kolluqları ilə bürümüş kiçik bir fligel vardı. Fligelin dəmir damı paslanmışdı, su novçası yarıyadək sınıb tökülmüşdü, artırmasının pillələri çürümüş və qıraq-bucağında ot bitmişdi, evin suvağından təkcə iz qalmışdı. Fligelin qabaq tərəfi xəstəxanaya, dal tərəfi isə çölə baxırdı. fligeli çöldən, üstünə çoxlu mıx çalınmış xəstəxana hasarı ayırırdı. Bu, ucları yuxarı sancılmış mıxlar, hasarın və figelin özü, yalnız xəstəxana və həbsxana tikililərinə məxsus kədərli və çox pis görünüşdə idi. Əgər gicitkəni dalayıb yandırmasından qorxmursunuzsa, gəlin dar çığırla gedib figelin içərisinətamaşa edək. Birinci qapını açıb dəhlizə giririk. Burada divarın və peçin dibinə bir yığın xəstəxana tör-tökündüsü atılmışdır. Döşəklər, köhnə cırıq xalatlar, tumanlar, heç nəyə yaramayan göy zolqaqlı köynəklər, yırtıq ayaqqbılar bir yerə tökülmüş, əzilmiş, qarışdırılmışdır, bu şeylər çürüyürvə ətrafa pis qoxu yayır. Gözətçi Nikita, damağında çubuq, həmişə bu tör-töküntünün üstünə uzanırdı; bu, istefaya çıxmış köhnə bir soldat idi, paltarına tikilmiş baftaları belə saralmışdı. Üzü sərt və arıqdı, sallaq qaşları sifətini qoyun itinə oxşadırdı, burnu pul kimi qırmızı idi; boyu alçaq, görünüşü arıqdı, lakin gövdəsi zəhmli, yumruqları saz idi. O, dünyada qayda-qanunu hər şeydən çox sevən və ona görə də bunları döyməyin zəruri olduğunu inanan sadədil, icraçı və küt adamlar zümrəsinə mənsub idi. O, adamların üzünə, döşünə, kürəyinə, hər yerinə vururdu və əmin idi ki, bunsuz burada qayda ola bilməz.