İnsan ekologiyası: bioloji və sosioloji aspektlər
Müəllif | Abbasova Elmira Məmməd qızı |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Ekologiya |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Abbasova Elmira Məmməd qızı. İnsan ekologiyası: bioloji və sosioloji aspektlər. Bakı, , 2005.
Keçən əsrin 70-ci illərində Roma klubunun yaradıcısı, məşhur «İnsan keyfiyyətləri» kitabının müəllifi Aureli Peççei yazırdı ki, insan dilemma qarşısında durmuşdur. O ya ayrıca bir şəxsiyyət kimi, həm də bəşər cəmiyyətinin bir hissəsi kimi dəyişməlidir, yaxud da o Yer üzündən bir dəfəlik silinməlidir. Bu fikir olduqca geniş bir problemi, insanı əhatə edən dünyaya mənəvi-əxlaqi münasibəti əhatə edir. Sosiumun üzvü olan hər bir fərd təbiətdə öz yerini tapmalı və həmin yeri axıraqədər qorumalıdır. Məsələ burasındadır ki, bu gün bəşəri münasibətlər dünyasına qarşı sözün həqiqi mənasında «qeyri-bəşəri təbii dünya öz iddiasını irəli sürmüşdür. Ekoloji katastroflar təhlükəsi proqnoz və xəbərdarlıqlardan reallığa çevrildiyindən bu situasiyadan çıxış yolunu axtarmaqdan ötrü elə bil ki, təbiət öz hüquqlarını bəyan edərək insandan bərabər hüquqlu dialoq tələb etmişdir. Eyni zamanda təbiət dünya haqqında klassik antropomərkəzçi təsəvvürlərin dəyişdirilməsini tələb etmişdir. Xeyir və Şərin insan və bəşəriyyət üçün nə olduğunu bilməkdən çox onun təbiət üçün nə olduğunun bilməyi və öyrənməyi də təbiət tələb etmişdir.