"Azərbaycan" jurnalında publisistika məsələləri (1953-2010)
Müəllif | Aynurə Niyaz qızı Paşayeva |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Aynurə Niyaz qızı Paşayeva. "Azərbaycan" jurnalında publisistika məsələləri (1953-2010). Bakı, Elm və təhsil, 2019.
Milli mətbuatımızın əvəzsiz örnəklərindən olan "Azərbaycan" jurnalı mənsub olduğu adını daşıyana qədər, 30 il müddətində siyasi-ideoloji sahədə baş verən dəyişikliklərlə bağlı "Maarif və mədəniyyət" (1923-1927), "İnqilab və mədəniyyət" (1928-1936), "Revolyusiya və kultura" (1936-1941), "Vətən uğrunda" (1941-1946), "İnqilab və mədəniyyət" (1946-1952) sərlövhəsi ilə işıq üzü görmüşdür. Lakin təəssüflə qeyd etməliyik ki, həmişə mənsub olduğu zamanın ədəbi aynası olan "Azərbaycan" jurnalında dərc edilmiş materiallar, o cümlədən publisistika ətrafındakı tədqiqatlar daha çox sovet ideologiyası müstəvisində aparılmışdır. Publisistikanın poeti- kası, estetik idealları, yeni tematika və üslub istiqamətləri ilə bağlı fundamental araşdırmalar ortaya qoyulmamışdır. Bu mənada "Azərbaycan" jurnalında publisistika məsələləri (1953-2010)" monoqrafiyası mühüm aktuallıq kəsb edir. Elmi ictimaiyyətin diqqətinə təqdim edilən bu monoqrafiya müəllifin filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasının əsasında yazılmışdır. 1953-2010-cu illərdə "Azərbaycan" jurnalında dərc olunmuş elmi, bədii və siyasi mövzulu publisistik əsərlər tədqiqat işinin obyektidir. "Azərbaycan" jurnalında publisistika məsələlərini tarixi-tipoloji və müqayisəli-analitik metodla araşdırmaq tədqiqat işinin əsas məqsədini təşkil edir. "Azərbaycan" jurnalının 1953-2010-cu illər kimi böyük bir dövrünü əhatə edən publisistik materialları ilk dəfə bu monoqrafiyada milli maraqlar kontekstində öyrənilmiş, aktual tematik problemlər konkret kateqoriyalar əsasında tədqiq olunmuşdur. Tədqiqat işi ədəbiyyatşünaslıq sahəsində elmi-nəzəri təfəkkürün zənginləşməsi prosesinə xidmət edir. Tədqiqatın elmi nəticələri humanitar elmlərlə məşğul olan alimlər, araşdırmaçılar, mətbuat tarixi mütəxəssisləri, filoloqlar və digər geniş oxucu auditoriyası üçün böyük maraq kəsb edə bilər