Əsərləri. Altı cilddə. VI cild
| Müəllif | Məhəmməd Füzuli |
|---|---|
| Nəşr olunduğu il | 2005 |
| Elm sahəsi | Bədii Ədəbiyyat |
| Nəşriyyat | Şərq-Qərb |
| Nəşr yeri | Bakı |
Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı , Şərq-Qərb, 2005.
Hicri 61-ci (miladi 680-ci) ildə məhərrəm ayının 10-da Kərbəlada baş vermiş faciə ərəb və fars ədəbiyyatları ilə yanaşı türk ədəbiyyatında da məqtəllər üçün dəyişməz mövzu olmuşdur. Dahi Füzulinin "Hədiqətüs-süəda"sı da ("Xoşbəxtlər bağçası") qanın qılınca qalib gəldiyi bu tarixi hadisə ilə bağlı yazılmışdır. İlk dəfə 1845-ci ildə Qahirədə çap edilmiş əsərin Füzuli həyatda ikən köçürülmüş nüsxəsindən (Konya, h.954) tutmuş yaşadığımız dövrədək yazılmış 300-ə yaxın əlyazma nüsxəsi məlumdur.
Azərbaycan bədii nasrinin ən klassik örnəyi sayılan əsər müəllifin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi baxımından çox səciyyəvidir. Dərd əlindən ürəyi çatlayan insanı ovunduraraq ona mənəvi qida verən Kərbəla hadisəsini qələmə almağı şərəf işi sayan, buna milli-dini bore kimi baxan mütəfəkkir Füzuliyə "Hədiqətüs-süəda"nı yaratmaqda yaşadığı mühitin də böyük təsiri olmuşdur.
Əsərdə əksini tapan şəhidlik eşqi, məslək və etiqad yolunda mübarizə motivi hər zaman yenidir. İnsanın mənəvi və cismani köləliyə üsyanı, etirazı və bu yolda hətta öz həyatını qurban verməsi an yüksək və şərəfli insanlıq amili kimi göstərilir. Həmin əqidə və məslək döyüşü ona görə yaşarıdır ki, əsasında mənəvi paklıq, ruhi müqəddəslik, insanı gözəllik və əzəmət var.